Интервью

"…belə adamlar çox olmamalıdır"

Sorokin: "Möhtəşəm əsərlərin hamısı artıq yazılıb"

"Həyatımız nə qədər ədəblidirsə, mən də bir o qədər ədəbli yazıram"

Vladimir Sorokin çağdaş rus ədəbiyyatının ən istedadlı və qalmaqallı imzalarından biridir. Müsahibələri ən azı hekayələri, romanları qədər maraqlıdır, zövqvericidir. Nədən danışırsa danışsın - ədəbiyyatdan, kinodan, siyasətdən, həyatdan - bu müsahibələri ilə Sorokin insanda beyin devrimi yaradır. Amansızdı, amma haqlıdır.

- "Zalımın bir günü" romanının təqdimat mərasimi (müsahibə 2006-cı ildə götürülüb - tərc.) Yekaterinburqda keçirildi.

- Moskvadakı ədəbi mühit məni bezdirib. Çünki bu mühitin adamları yekəxana və ətiacıdırlar. Həm də get-gedə kütləşirlər. Bundan başqa, kitab da axı Yekaterinburqda nəşr olunmuşdu. Məni "100.000 kitab" mağazasının açılışına dəvət etmişdilər, orada mənim də əsərlərim vardı. Biz qərara aldıq ki, bir ay müddətində kitab təkcə bu mağazada satılacaq. Ancaq bu bir ay bitdikdən sonra kitabı Moskvada da almaq mümkün olacaq. Heç olmadığım bir şəhərə getmək mənim üçün çox maraqlı idi. Bura Avropa ilə Asiyanın kəsişdiyi yerdir.

- Romanda mövcud hakimiyyətin qüsurlarından yazmısınız. Sizin əsərlərinizi artıq bir dəfə yandıranlardan çəkinmirsiniz?

- Canavardan qorxan meşəyə getməz. Romanı gərək elə yazasan ki, istədiyin şey alınsın. Alınandan sonra ona necə reaksiya verəcəkləri o qədər də maraqlı deyil.

- Sizin Urala səyahətiniz Koelyonun (məşhur yazıçı Paolo Koelyo nəzərdə tutulur - tərc.) Sibirdəki "zəvvarlığ"ına oxşayır.

- Mən Koelyonun pərəstişkarı deyiləm, öz yolum var.. Amma Koelyo ilə oxşar cəhətimiz də olmamış deyil: mənə də əyalət paytaxtdan daha maraqlı gəlir. Son on ildə Moskva "yeni zalım"ların yurduna çevrilib. Şəhər, üstündə steroid ət çəkilən skeletə oxşayır. Moskva elə bil əvvəllər gözəl, nadir cizgiləri olan qızdır. Amma indi bu gözəlin sinəsi silikondandı, dodaqlarını süni şəkildə şişirdiblər, bədəninin də ki elə bil şirəsini sorublar. Son illər paytaxtın küçələrində danışmaq da mümkün deyil. Küçə adamı restoranlara, gecə klublarına tərəf itələyir. Orada isə bu şəhərə oxşayan silikondöşlü modellər əyləşib. Və bu modellər Tolstoyu oxumayıblar.

- Barlara getmək məcbur deyil ki... Evinizə gedə bilməzsiniz?

- Gedə bilərəm. Bu yaxınlarda öyrənmişəm ki, evlərə yığışıb, şeir oxumaq kimi köhnə ənənələr təzədən dəbə minir. Adamlar birinin evinə yığışıb, Brodskidən, Puşkindən, müasir şairlərdən şeirlər oxuyurlar...

- Bəs siz müasirlərdən kimi gözaltı eləmisiniz?

- Hələ ki gözümə ulduz dəymir. İyirmi il əvvəl kimlərlə dostluq edirdimsə, yenə də onların yazdıqlarını oxuyuram: Vitya Yerofeyev, Yuri Mamleyev, Dmitriy Piroqov. İndi bu siyahıya gözəl şairə Vera Pavlovanı da əlavə eləmişəm. Bir də Şiş Byanskini. Nəsr yazanlardan isə Aleksey İvanov maraqlıdır. Pelevini qiymətləndirir, Limonovu isə oxuyuram.

- Bəs ssenari yazırsınız?

- Altı ssenari yazmışam. Onlardan üçü ("Moskva", "Qəpik" və "Dörd" - tərc.) artıq ekranlaşdırılıb. Aleksandr Zildoviç isə "Hədəf"də ilişib qalıb. Orada Rusiyanın yaxın gələcəyindən söhbət gedir...

- Bu əsərdə də ədəbsiz ifadələr var?

- Orada həyat çox real təsvir edilib. Həyatımız nə qədər ədəblidirsə, əsər də elə o qədər ədəblidir...

- "Zalımın bir günü"ndə Rusiyanın gələcəyini çox qorxunc təsvir etmisiniz.

- Mən kağız üzərində ədəbi-tarixi bir eksperiment aparıram: Əgər Rusiya dünyadan təcrid olunmaq istəsə, sonu necə olacaq? Biz hazırda feodalizm dövründə yaşayırıq. Doğrudan. Məmurlar arasında əsl feodallıq hökm sürür.

- Qərbdə sizi necə qəbul edirlər?

- Mən Qərbə orada kitablarım çıxanda gedirəm. Bir də dəvət olunduğum ədəbi festivallara. Yoxsa ki elə burada da işlərim xirtdəkdəndi. Üstəlik, həm də mən axı kənd həyatı yaşayıram, gərək itlərimin də qayğısına qalım. Mənim qəşəng küçüklərim var. Düzdü, hələ çox balacadılar, amma yaman diribaş küçüklərdir.

- Onları "yaxşı əllərə" təslim edirsiniz, yoxsa satırsınız?

- Mənim üçün küçüklər, uşaqlarım kimidilər. Rəsmi olaraq, adları Lloyd və Lanselotdu. Mənsə onları rusca olan adları ilə çağırıram: Romka və Fomka.

- Ev heyvanlarınız elə bunlardı?

- Uşaq vaxtı tısbağam, siçanım və balıqlarım vardı. Amma itdən yaxşı dost yoxdu. Onların gözünün içinə baxırsan və hər şeyi başa düşürsən. Elə onlar da...

- Bəs ekiz qızlarınız - Anna ilə Mariya necədirlər?

- Hərəsinin 26 yaşı var. Anna konservatoriyanı bitirib və ərə gedib. Mariya isə sizin həmkarınızdı - jurnalistdi. Həm də sənədli filmlərlə maraqlanır...

- Bəs həyat yoldaşınız?

- İra uzun müddət uşaqlara fortepiano dərsi verirdi. Amma indi təkcə ev işləri ilə məşğul olur.

- O sizə klavişlərlə davranmağı öyrətməyib?

- Mən hələ onunla tanış olana qədər musiqi ilə məşğul olurdum. Hətta ciddi-ciddi musiqiçi olmaq istəyirdim. Amma başım rəsm çəkməyə qarışdı. Sonra da ədəbiyyat məni rəssamlıqdan ayırdı.

- Siz nəyi ali incəsənət hesab edirsiniz?

- Musiqini. Onun özəlliyi odur ki, musiqiyə araçı lazım deyil. Musiqi sadəcə olaraq heç nədən yarana bilər. O insanı hipnoz edə, öz arxasınca çəkib apara bilər. Elə ədəbiyyat da...

- Öz yazdıqlarınızı ədəbiyyat hesab edirsiniz?

- Mənim belə məqsədim yoxdur. Mən özümün və kağızın üzərində eksperiment aparıram. Fəaliyyət meydançam - sadəcə, kağızdı. Daha doğrusu, əvvəllər kağız idi, indisə noutbukun ekranıdı.

- Sizi müasir dövrün Markiz de Sadı adlandırırlar...

- De Sad möhtəşəm yazıçıdır. Amma onun nəsri kifayət qədər çərçivəlidir, məhduddur. O, bütün ömrü boyu təkcə bir problemi həll etməyə çalışıb - həzzin zorakılıqdan asılılığını. Amma məni başqa problemlər də maraqlandırır.

- Kitablarınızı küçələrə töküb, yandıranda hansı hissləri keçirirdiniz?

- Hiss edirdim ki, kitablarım cəmiyyətin sinir damarlarını sıxır. Bu, mənim iradəm xaricində baş verirdi. Mən öz personajlarımın ədəbi-fizioloji problemlərini həll edirəm. Məlum olur ki, kitablarım kiməsə bərk əziyyət verir. Belə də olur. Amma mən ekshibionist, sadist deyiləm.

- Onda bəlkə, mazoxistsiniz?

- Yox. Bilirsiniz, nə döyməkdən, nə də döyülməkdən xoşum gəlmir. Ümumiyyətlə, mən dava adamı deyiləm. Amma yazdığım şeylərin qeyri-adekvat reaksiya doğurmağına da hazır olmalıyam. Axı bizim çox maraqlı ölkəmiz var.

- Bəlkə hər şeyin axırı çatıb. Siz kilsəyə gedirsiniz?

- İstədiyim qədər tez-tez gedə bilmirəm. 25 yaşımda xaç suyuna salınmışam. Pravoslavlığı qəbul etmişəm, bundan peşman deyiləm. İstəyirəm, dinimin şərtlərinə əməl edim, amma şəhərdə yaşayan intelligent və yazıçı üçün bu, çox çətindir. Yeri gəlmişkən, məni kilsəyə Lena adlı bir qız aparmışdı. Filoloq idi. Onunla eşq macəramız var idi.

- Müasir Rusiyada sizdən başqa intelligensiya varmı?

- Var. Mən bu intelligensiyanı Yekaterinburqda görmüşəm. Amma bu növün artıq nəsli kəsilmək üzrədir. Əslində, belə adamlar çox olmamalıdırlar da. Gənc nəslin də arasında çox səviyyəli adamlar var. Mən "Əxlaq kodeksi" adlı rok-qrupun üzvü Sergey Mazayevlə ünsiyyətdə oluram. Çox ağıllı, istedadlı, dünyagörüşü geniş olan bir adamdır.

- Əsərlərinizdəki fizioloji elementlər çoxlarını hürküdür? Bu, nəyə lazımdır?

- Uşaqlıqdan mən zorakılığın nə olduğunu ağrılı bir şəkildə anlamağa çalışıram. Başa düşmək istəyirəm: hətta kafedə oturan adamlar belə, niyə həmişə kimisə alçaltmaq, incitmək, ofisiantı döymək istəyirlər. Mən zorakılığın təbiətini, mahiyyətini açmağa çalışıram.

- Necədi, təhtəlşüur daha dərin olduqca, daha qorxulu olur, hə?

- Bəli. Və biz də həmişə mübarizə aparmaq istəyirik. Əgər Tolstoyun həyatına dərindən nəzər salsaq, görərik ki, o, həmişə özü ilə mübarizə aparıb. O qədər ağrılı bir mübarizə aparıb ki, bunu ətrafdakılar da hiss eləyib. Düzdü, kifayət qədər şən yazan yazıçılar da var. Amma ədəbiyyat nədir? Müxtəlif masalara düzülmüş növbənöv yemək. İnsanlar içəri girir və hərə öz mədəsinə uyğun yemək götürür. Kimisi manna sıyığı, kimisi acı bibərli çin yeməyi. Sonuncunu sevən mənim kitablarımı alır.

- Bu yaxınlarda Böyük Teatrda sizin "yemək"lərinizdən birini təklif edirdilər. "Rozandalın uşaqları" necə alınmışdı?

- Mən razı qaldım. Şedevr idi. İstənilən klassik operada yadda qalan iki mövzu olur. Orada isə beşini saydım. Nyakroşyusun quruluşuna gəldikdə isə, ona xeyli iradlarım var.

- Böyük Teartrda başqa hansı əsərinizin səhnəyə qoyulmasını istərdiniz?

- Hər hansı birinin səhnələşdirilməsinə etiraz etmərəm. Amma ən böyük arzum budur ki, "Buz"un motivləri əsasında film çəkilsin.

- Qərbdən belə bir təklif gəlməyib ki?

- Gəlib, amma mən tələsmirəm. Hazırda "Təcrübə" teatrı üçün təzə bir pyesi bitirirəm. Düz doqquz il idi ki, pyes yazmırdım...

- Niyə? Roman yazmaq pyes yazmaqdan daha maraqlı olduğuna görə?

- Bunlar müxtəlif proseslərdir. Xizəksürməni sualtı üzgüçülüklə müqayisə edə bilmədiyimiz kimi, bunları da müqayisə edə bilmərik.

- Deməli, idmandan da başınız çıxır?

- Qaçmağa çalışıram, hərdən üzürəm. Qışda xizək sürürəm. Amma pinq-ponq və şahmat oynamağı daha çox xoşlayıram.

- Köhnə Fimləri xoşlayırsınız?

- Köhnə kinolardan ötəri ürəyim gedir. Axı bütün möhtəşəm filmləri artıq çəkiblər.

- Onda belə çıxır ki, bütün möhtəşəm əsərlər də artıq yazılıb?

- Açığı - hə.

- Sevimli klassikləriniz kimlərdir?

- Tolstoy. Onun dili və baxışları mənə çox yaxındır. Qoqolu da məhz bu şeylərə görə sevirəm. Dostoyevski də böyük yazıçıdır. Amma onu oxumaqdansa, onun haqda fikirləşmək daha maraqlıdır. Axı Dostoyevskinin əsərlərini oxumaq çətindir. Tolstoyu isə aramsız oxumaq olar. Xüsusilə onun gündəliklərini. Hələ heç bir yazıçı kağıza etibar edilmiş şəxsi ekzistensiya baxımından belə maraqlı şeylər qoyub getməyib.

- Nə vaxtsa demisiniz ki, öz yaradıcılığınız vasitəsilə Yerin mövcudluq sərhədlərini genişləndirmək istəyirsiniz. Alınır?

- Elə anlar olur ki, yer adamı olmaq rahatlıq gətirir. Amma günün daha çox hissəsində canını çiyin çantası kimi gəzdirməli olursan. Canının qayğısına qal, dişlərini təmizlə, bədənini yu və s. Hələ üstəlik, həyəcanlanırsan - birdən nəyinsə sınar, qırılar. Biz burada, Yer üzündə öz cəza müddətimizi çəkirik. Deməli, belə lazımdır. Mən bunu çox tez hiss elədim. Amma Yer üzündə gəzən insana bəxş olunan sevincdən, fərəhdən də nəsə bir şey tapmaq lazımdır, yoxsa adam depressiyaya düşər. Müddətimizi axıra qədər çəkməliyik - sevincli-kədərli olsa da...

- Bəlkə "müddətinizi" Kanar adalarında çəkəsiniz? Hər halda ora bir az istidir...

- Bəlkə Şimali Koreyada çəkim? Ya da insanların acından qırıldığı Afrikada?..

Tərcümə edəni: Aynur Zeynallı